“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

UNEC-in şəhid məzunu Əbil Cəbizadənin anım günü qeyd olunub

News Image

UNEC-in şəhid məzunu Əbil Cəbizadənin anım günü qeyd olunub

Oktyabrın 14-də II Qarabağ müharibəsində Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin məzunu Əbil Cəbizadənin anım günü ilə əlaqədar tədbir keçirilib.

Anım mərasimində şəhidimizin ailə üzvləri, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan müavini Ramil Cabbarov, UNEC THİK-in sədri İlkan Əliyev, fakültənin fəal tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidimizin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Vətən uğrunda canından keçən qəhrəmanımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


UNEC-in şəhid məzunlarının əziz xatirəsi ehtiramla yad olunub

News Image

UNEC-in şəhid məzunlarının əziz xatirəsi ehtiramla yad olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəhid məzunları Əhmədağa İsgəndərov, Teymur Məcidzadə və Eldar Əliyevin əziz xatirəsi anılıb.

9 oktyabr 2026-cı il tarixində UNEC-in Biznes və menecment fakültəsinin THİK sədri Nurlan Vəliyev və fakültənin fəal tələbələri şəhid məzun Əhmədağa İsgəndərovun anım günü münasibəti ilə Kürdəxanı kənd qəbirstanlığında, 10 oktyabr 2026-cı il tarixində UNEC-in “İqtisadiyyat və idarəetmə” fakültəsinin məzunu Teymur Məcidzadənin doğum günü münasibətilə fakültənin dekanı dosent Elçin Eyvazov, THİK sədri İlkan Əliyev, fakültənin əməkdaşları və fəal tələbələr II Fəxri xiyabanda, 13 oktyabr 2026-cı il tarixində UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) məzunu Eldar Əliyevin məzarını THİK sədr müavini Günay Ağazadə, tələbələrlə iş üzrə dekan müavini Cəvahirxanım Məmmədova, fakültənin müəllimləri və tələbələri ziyarət ediblər.

Ziyarətlər zamanı məzarlar önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Allah Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!


Kibertəhlükəsizlik mövzusunda görüş

News Image

Kibertəhlükəsizlik mövzusunda görüş

UNEC-in “Rəqəmsal iqtisadiyyat” fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda görüş keçirilib.

Tədbirin açılışında UNEC-in “Rəqəmsal iqtisadiyyat” fakültəsinin dekanı, dosent Elman Cəfərov çıxış edərək qonaqları salamlayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Görüşdə Proxima Cyber Security MMC şirkətinin Hücum Təhlükəsizliyi üzrə rəhbəri Elman Əlizadə, Pentest Team Lead Murad Mirzəyev, Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Zöhrab Seyidli, Junior Pentester Kamil Soltanov, İnformasiya Təhlükəsizliyi üzrə GRC və Audit mütəxəssisi Sürəyya Cavadova, həmçinin Kiber Təhlükəsizlik Platforması MMC-nin təsisçisi və direktoru Şahin Əliyev iştirak ediblər.

Mütəxəssislər tələbələrlə kibertəhlükəsizlik sahəsində real iş mühiti, mövcud vakansiyalar, işə qəbul prosesləri və müsahibələrə hazırlıq barədə təcrübələrini bölüşüblər. Eyni zamanda, sahə üzrə faydalı kurslar, peşəkar sertifikatlar, tələb olunan bilik və bacarıqlar, eləcə də karyeraya başlamaq üçün atılmalı addımlar haqqında ətraflı məlumat veriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, tələbələrlə mütəxəssislər arasında fikir mübadiləsi aparılıb.

UNEC-in şəhid məzunlarının xatirəsi yad edilib!

News Image

UNEC-in şəhid məzunlarının xatirəsi yad edilib!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəhid məzunları İsax Verdiyev, Süleyman Qarayev və Hüseyn Muradovun əziz xatirəsi anılıb.

6 oktyabr 2026-cı il tarixində UNEC-in Rus İqtisad Məktəbinin məzunu İsax Verdiyevin anım günü münasibətilə THİK sədri İlkan Əliyev və fəal THİK üzvləri Sumqayıt Şəhidlər Xiyabanında, 7 oktyabr 2026-cı il tarixində UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin məzunu Süleyman Əlbağış oğlu Qarayevin anım günündə fakültənin dekanı dosent Hafis Hacıyev, THİK sədri İlkan Əliyev və fəal THİK üzvləri Sabirabad rayonunda, 8 oktyabr 2026-cı il tarixində UNEC-in “İqtisadiyyat və idarəetmə” fakültəsinin məzunu Hüseyn Muradovun anım günü münasibətilə fakültənin dekanı Elçin Eyvazov, dekan müavini Mehriban Kərimzadə, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri Elşən Məmmədov, THİK sədr müavini Günay Ağazadə və fakültənin fəal tələbələri Keşlə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər.

Ziyarətlər zamanı məzarlar önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Allah Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən UNEC Debat Klubunun təşkilatçılığı ilə tələbələr arasında Şou-Debat keçirilib.

News Image

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən UNEC Debat Klubunun təşkilatçılığı ilə tələbələr arasında Şou-Debat keçirilib.

Şou-Debatın əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eyni zamanda debat mühitini daha maraqlı və əyləncəli şəkildə təqdim etmək olub. Tədbir zamanı iştirakçılar fikir mübadiləsi aparmaq, öz mövqelərini əsaslandırmaq və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarını praktiki şəkildə inkişaf etdiriblər.


Tədbir çərçivəsində müxtəlif komandalar qarşı-qarşıya çıxaraq öz debat bacarıqlarını nümayiş etdiriblər. “Felix Felices” komandasında Kənan Tağıyev, Raul Rəhimov və Firuzə Teymurova, “Tanrının əli” komandasında isə İbrahim Ağazadə, Tərlan Kərimov və Nihat Rəhimli yer alıb.


Digər qarşılaşmada “Сансара” komandası İslam Ağayev, Atilla Rüstəm və Əminə Bəxtiyarova ilə, “Альфа” komandası isə Aylin Abbasova, Aytən Həsənova və Elmira Kazımova ilə təmsil olunub.


Maraqlı çıxışlar və aktual mövzular ətrafında aparılan diskussiyalar auditoriyanın marağına səbəb olub. İştirakçılar öz arqumentlərini əsaslandıraraq sürətli düşünmə, düzgün fikir ifadə etmə və komanda şəklində işləmək bacarıqlarını nümayiş etdiriblər.


Sonda qalib komanda auditoriyanın səsverməsi ilə müəyyən edilib.

UNEC “Fibonacci”nin qalibidir!

News Image

UNEC “Fibonacci”nin qalibidir!

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə keçirilən “GİNİus 86.000” “Fibonacci” intellektual-əyləncəli oyunu Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunub.


Yarış seçim, yarımfinal və final olmaqla 3 mərhələdən ibarət olub. Bakı şəhərindən 37, regionlardan isə 15 komanda olmaqla, ümumilikdə 52 komanda iştirak edib.


30 sentyabr 2026-cı il tarixində Tərtər Olimpiya İdman Kompleksində keçirilən final mərhələsində Azərbaycan Dövlət İqtisad Universitetinin komandası I yerə, Azərbaycan Tibb Universitetinin komandası II yerə, Qarabağ Universitetinin komandası isə III yerə layiq görülüb.


UNEC komandamızı bu möhtəşəm qələbə münasibətilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

İSE I kurs tələbələri arasında “Xəmsə” tipli intellektual yarış keçirildi.

News Image

İSE I kurs tələbələri arasında “Xəmsə” tipli intellektual yarış keçirildi.

28.09.2026-cı il tarixində UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə İSE I kurs tələbələri arasında “Xəmsə” tipli intellektual yarış keçirildi.


Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın sonunda “Zəfər” komandası (1035) 4400 xal toplayaraq I yerə layiq görülərək yarışın qalibi oldu!


İştirak edən bütün komandaları təbrik edir, göstərdikləri fəallıq və əzmkarlıq üçün təşəkkürümüzü bildiririk. Növbəti yarışlarda hər bir komandaya uğurlar arzulayırıq!


Tədbirin təşkilində göstərdikləri fəallığa və dəstəyə görə İSE THİK sədri Şükür Elyazov, İSE THİK İOK sədri Ülvi Həbibli, Tələbə-dekan Ceyran Məmmədli, İSE THİK sədr müavinləri Şəmil Qurbanlı və Calal Muradova təşəkkürümüzü bildiririk.


Eyni zamanda, tədbirin təşkil olunmasında göstərdikləri dəstəyə görə Tələbə Həmkarlar İttifaqı sədri İlkan Əliyevə və Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru İnara Rzayevaya xüsusi minnətdarlığımızı bildiririk.

UNEC-in məzunu şəhid İsax Verdiyevin xatirəsi anılıb!

News Image

UNEC-in məzunu şəhid İsax Verdiyevin xatirəsi anılıb!

21 sentyabr tarixində II Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC-in Rus İqtisad Məktəbinin məzunu İsax Verdiyevin doğum günüdür.

 

Şəhidin doğum günü münasibətilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal THİK üzvləri Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

Şəhid Əhmədağa İsgəndərovun xatirəsi anılıb!

News Image

Şəhid Əhmədağa İsgəndərovun xatirəsi anılıb!

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi sentyabrın 20-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, UNEC-in “Biznes və menecment” fakültəsinin məzunu Əhmədağa İsgəndərovun doğum gününü yad edib.

Yaşasaydı, 37 yaşı olacaqdı.

 

Əhmədağa İsgəndərovun doğum günü münasibətilə şəhidin ailə üzvləri, rayon icra nümayəndələri, “Biznes və menecment” fakültəsinin müəllimi Ayaz Tağıyev, “Biznes və menecment” fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nurlan Vəliyev və fəal tələbələr şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

"Abituriyentlərin Sənəd Qəbuluna Dəstək Mərkəzi”nin uğurlu fəaliyyəti

News Image

"Abituriyentlərin Sənəd Qəbuluna Dəstək Mərkəzi”nin uğurlu fəaliyyəti

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvlərindən ibarət “Abituriyentlərin Sənəd Qəbuluna Dəstək Mərkəzi”nin könüllüləri tərəfindən 28 avqust - 08 sentyabr tarixlərində keçirilən qeydiyyat prosesi zamanı 4312 onlayn və 1294 əyani müraciət uğurla cavablandırılıb.


12 gün davam edən qeydiyyat prosesində iştirak edən könüllülər universitetimizi seçən abituriyentlərə sənəd qəbulunda zəruri dəstəyi göstərib, onların suallarını cavablandırıb və qeydiyyat prosesinin daha rahat və operativ şəkildə həyata keçirilməsinə öz töhfələrini veriblər.


UNEC adından bütün könüllülərimizə göstərdikləri dəstəyə görə təşəkkür edir, qeydiyyatı uğurla tamamlanmış abituriyentləri isə təbrik edir və uğurlar arzu edirik!

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.